Uyğunluğun təsdiqi üzrə işlərin aparılması ilə bağlı müraciət edənlərin hüquq və vəzifələri
1. Müraciət edən aşağıdakı hüquqlara malikdir:
• müvafiq texniki reqlamentlə müəyyən edilmiş məhsul növləri üçün nəzərdə tutulmuş uyğunluğun təsdiqi formasını və sxemini seçmək;
• müraciət edən tərəfindən sertifikatlaşdırılması nəzərdə tutulan məhsula aid akkreditasiya sahəsinə malik olan istənilən sertifikatlaşdırma orqanına məcburi sertifikatlaşdırmanın həyata keçirilməsi üçün müraciət etmək;
• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sertifikatlaşdırma orqanlarının və akkreditə olunmuş sınaq laboratoriyalarının (mərkəzlərinin) qanunsuz hərəkətləri barədə akkreditasiya orqanına şikayətlə müraciət etmək.
2. Müraciət edən aşağıdakı vəzifələri yerinə yetirməlidir:
• məhsulun texniki reqlamentlərin tələblərinə uyğunluğunu təmin etmək;
• məcburi uyğunluq təsdiqinə məruz qalan məhsulu yalnız belə uyğunluq təsdiqi həyata keçirildikdən sonra dövriyyəyə buraxmaq;
• müşayiətedici texniki sənədlərdə və məhsulun markalanması zamanı uyğunluq sertifikatı və ya uyğunluq haqqında bəyannamə barədə məlumatları göstərmək;
• texniki reqlamentlərin tələblərinə riayət olunmasına dövlət nəzarətini (nəzarəti) həyata keçirən orqanlara, habelə maraqlı şəxslərə məhsulun texniki reqlamentlərin tələblərinə uyğunluğunun təsdiq edildiyini göstərən sənədləri (uyğunluq haqqında bəyannaməni, uyğunluq sertifikatını və ya onların surətlərini) təqdim etmək;
• uyğunluq sertifikatının və ya uyğunluq haqqında bəyannamənin qüvvədə olma müddəti bitdikdə və ya onların qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə məhsulun satışını dayandırmaq və ya ona xitam vermək;
• sertifikatlaşdırılmış məhsulun texniki sənədlərinə və ya istehsal texnoloji proseslərinə edilən dəyişikliklər barədə sertifikatlaşdırma orqanını məlumatlandırmaq;
• texniki reqlamentlərin tələblərinə riayət olunmasına dövlət nəzarətini (nəzarəti) həyata keçirən orqanların qərarları əsasında uyğunluğun təsdiqindən keçmiş, lakin texniki reqlamentlərin tələblərinə uyğun olmayan məhsulun istehsalını dayandırmaq;
• sertifikatlaşdırmadan keçmiş uyğunluğun təsdiqi obyektlərinə dair müəyyən edilmiş tələblərə, həmçinin sertifikatlaşdırma işlərinin aparılması üzrə tələblərə riayət etmək;
• uyğunluğun təsdiqi obyektlərinə dair müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə nəzarət etmək və daxil olan şikayətləri nəzərdən keçirmək üçün zəruri tədbirlər görmək;
• uyğunluğun təsdiqi üzrə işlərin aparılması məqsədilə sertifikatlaşdırma sxemlərinin tələblərinə uyğun olaraq sertifikatlaşdırma sənədlərinin surətlərini təqdim etmək;
• uyğunluq nişanlarından istifadə və kütləvi informasiya vasitələrində məhsulun sertifikatlaşdırılmasına istinad edilməsinə dair sertifikatlaşdırma orqanının və ya sertifikatlaşdırma sxemlərinin müəyyən etdiyi tələblərə riayət etmək;
• uyğunluğun təsdiqi üzrə işlərin aparılması ilə bağlı müraciət edənə çatdırılmış və uyğunluğun təsdiqi obyektlərinə, o cümlədən sertifikatlaşdırma sxemləri ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə aid olan şikayətləri qeydiyyata almaq və sertifikatlaşdırma orqanının tələbi ilə təqdim etmək; belə şikayətlər və uyğunluğun təsdiqi obyektlərində aşkar edilmiş, uyğunluğun təsdiqi obyektlərinə dair tələblərə, o cümlədən sertifikatlaşdırma sxemləri ilə müəyyən edilmiş tələblərə uyğunluğa təsir göstərən hər hansı çatışmazlıqlar üzrə müvafiq tədbirlər görmək və görülmüş tədbirləri sənədləşdirmək.